Qaratikan
Qaratikan (lat. Paliurus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.
Hündürlüyü 1.5–3 (5) m olan olduqca tikanlı koldur. Bir neçə gövdəyə malikdir, budaqları əyri-üyrü, çılpaq qonur rəngdədir. Yarpaqları 2–4.5 sm, növbəli, elliptik və ya çəpinə yumurtavari, qıraqları xırdadiş mişarvaridir, üstdən çılpaq, tünd yaşıl rəngdə, parıltılı, altdan açıq yaşıldır. Yarpaqlarının saplaqları 10 mm qədər, oturacağında biri düz, digərinin ucu qırmaq kimi əyilmiş iki möhkəm tikan vardır. Xırda, ulduzvari sarımtıl rəngli çiçəkləri, salxımvari qoltuq çiçəkqrupunda birləşmişlər. Meyvəsinin diametri 19–22 (27) mm, 3-yuvalı, 3(2) toxumludur açılmayandır. Yetişdikdə sarımtıl, sonradan açıq- və qonur mixəyi rəngdədir, uzun qanadı dərivari, qıraqları dalğalıdır. Toxumları yumru, bir qədər yastıtəhər, tünd-mixəyi və ya qonur mixəyi rəngdə, parıltılıdır.